Payız Gəldi Xəstəliklər Artmağa Başladı. Bu Xəstəliklərdən Necə Qorunaq?
Payız gəldi, havalar soyudu və bununla birlikdə qrip və digər respirator infeksiyaların artma vaxtıdır. Bizə isə bu baş bəlası viruslardan qaçmaq ya da onlarla savaşmaq düşür. Virusdan qaçmaq yəni ona yoluxmamaq sözsüz ki, ən yaxşısıdır.
Yoluxmamaq üçün aşağıdakı məsələlərə diqqət etmək vacibdir.
Əllərin tez-tez yuyulması və ya dezinfeksiya. Məsələn, cibinizə ya da çantanıza kiçik bir spirt tərkibli əl dezinfeksiyaedici qoymaq faydalı ola bilər.
Xəstə insanlarla yaxın təmasdan uzaq durmaq.
Qapalı məkanlarda və evlərdə havalandırma.
Maskadan istifadə – xüsusilə sıx yerlərdə (avtobus, xəstəxana, məktəb).
Bu qaydalara riayət etmək və viruslardan qaçmaq təəssüf ki, çox vaxt mümkün olmur. Deməli qalır bu viruslarla savaşmaq. Bunun yeganə yolu isə immunitetimizi gücləndirməkdir. Çünki, xəstəliklərlə savaşan bizim immun sistemimizdir. İmmunitetimizi gücləndirmək və xəstəliklərə qarşı daha dayanıqlı olmaq üçün nələr edə bilərik? Gəlin birlikdə baxaq. Yəqin ki, ətrafınızda tez-tez xəstələnən və xəstələnən zaman onu ağır keçirən, yüksək qızdırma, halsızlıq yaşayan, yatağa düşən insanları siz də müşahidə edirsiniz.
İki insan düşünün, bunlardan biri qripəbənzər xəstəlikləri çox yüngül, ayaqüstə keçirdiyi halda, digəri ağır keçirir, yüksək qızdırma, halsızlıqla müşayiət olunur. Bu iki şəxs arasında fərq nədədir? Fərq bizi bütün xarici təhlükələrdən qoruyan immunitetdədir. İmmun sistemi də digər orqanlar sistemi kimi genetikamız ilə çox əlaqəlidir amma onun zəif və güclü olması xarici faktorlardan da asılıdır. İmmun sisteminin genetik olaraq yaxşı vəziyyətdə olması bu baxımdan insan üçün böyük üstünlükdür.
İmmun sistemini gücləndirmək bununla da xəstəliklərə yoluxmamaq, yoluxduqda onları yüngül keçirmək elə də çətin deyil.
İlk növbədə qidalanmaya fikir verməliyik:
Bol tərəvəz və meyvə (xüsusilə C vitamini ilə zəngin: portağal, limon, kivi, brokoli, bibər). Payız və qış mövsümündə hər gün ən azı bir portağal ya kivi yemək c vitaminini təbii yolla təmin etməyə kömək edir. C vitamini immun hüceyrələrin fəaliyyətini artırır. Soyuqdəymə və respirator infeksiyaların daha yüngül keçməsinə kömək edir. Kivi çox yüksək C vitamini və E vitamini mənbəyidir. Tədqiqatlarda kivi yeməyin uşaqlarda və yaşlılarda soyuqdəymə simptomlarının müddətini və şiddətini azaltdığı göstərilib. Səhər yeməyinin bizim qidalanma rasionumuzda əhəmiyyətinə görə xüsusi yeri var və buna diqqətlə yanaşmaq lazımdır. Səhər günə ilıq su ilə başlamaq bədən üçün gözəl bir başlanğıcdır. Ardınca C vitamini zəngin meyvə – məsələn, portağal, kivi və ya nar yeyə bilərsiniz.Səhər yeməyində yumurta, pendir, yulaf və ya qatıq bədəni həm zülal, həm də kalsiumla təmin edir.
Zülal mənbələri (toyuq, balıq, yumurta, paxlalılar) immun hüceyrələrin bərpası üçün vacibdir. Hər gün ya da günaşırı səhər yeməyində yumurta yeyilməli, günorta və axşam yeməklərində həftədə 3-4 dəfə ət, balıq və paxlalı yeməklər yeyilməlidir.
Sink və D vitamini zəngin qidalar (balıq, qoz, yumurta, süd məhsulları) da mütləq tükətilməlidir. D vitamini əksiksə həkiminizin təyinatı ilə D vitamini qəbul edin.
Şirin və hazır qidalardan uzaq durmaq. Şirin mağaza şirniyyatları təəssüf ki, bizim immunitetimizi məhv edir. Onların təkibində olan zərərli transyağlar və karbohidratlar bədənimizdə olan vitaminləri və faydalı mineralları tükətir və immun sistemimizin tükənməsinə gətirib çıxarır.
İmmun sistemimizin güclü olması üçün ən vacibi qidalanma olsa da ikinci dərəcəli fikir verməli olduğumuz məsələlər də vardır. Bunlar aşağıdakılardır.
Yuxu və istirahət
Gündə 7–8 saat keyfiyyətli yuxu immunitetin ən böyük dəstəyidir.
Daimi yorğunluq isə immun hüceyrələri zəiflədir.
Fiziki aktivlik
Daimi yüngül idman (gəzinti, qaçış, üzgüçülük).
Çox ağır məşqlərdən isə yayınmaq lazımdır (çünki müvəqqəti immun zəifləməsi verə bilər).
Stressin idarəsi
Stress hormonları (kortizol) immun sistemini zəiflədir.
Meditasiya, nəfəs məşqləri, rahatladıcı fəaliyyətlər faydalıdır.