DOKTORTİME

PROFESSİONAL ELMİ-TİBBİ PLATFORMA

Qəbizlikdən Birdəfəlik Bu Yolla Qurtulun

Qəbizlik də təəssüf ki, modern həyatın gətirdiyi problemlərdəndir. Günümüzdə geniş yayılan hazır market qidaları, transyağlarla bişən cürbəcür şirniyyatlar və hərəkətsizlik qəbizliyin əsas səbəbləridir. Qəbizlik təkcə diskomfort yaradan və tualetə çıxarkən narahatedici durum deyil, o həm də ciddi sağlıq problemlərinə gətirib çıxarır. Orqanizmamızın ümumi sağlamlığı və bizim üçün son dərəcə önəmli olan immun sistemimizin vəziyyəti bağırsaqlarımızdan başlayır. Qəbizlik zamanı bərk nəcis kütləsi və gücənmə düz bağırsağı zədələyərək babasil, bağırsaq çatı, bağırsaq sallanmasına hətta bağırsaq keçilməzliyinə səbəb ola bilər. Bundan başqa qarında köp yaranmasına, qarın sancılarına, iştahsızlıq, toksinlərin yığılmasına, bağırsaq mikroflorasının pozulmasına səbəb olur, hətta rektumun dolu qalması və sidik kisəsini sıxması sidik problemlərinə də gətirib çıxarır.
Beləliklə qəbizliyin əsas səbəbləri bunlardır:

  1. Yetərsiz Lif tükətimi: Müasir zamanda qidalarımızın çoxunu işlənmiş qidalar, fast food, rafinə edilmiş karbohidratlar (ağ çörək, makaron, şəkərli yeyəcəklər) təşkil edir ki, bunlar da lifdən kasaddır. Buna görə bağırsaq möhtəviyyatının həcmini artıran liflərin olmaması qəbizliyin yaranmasına səbəb olur. Qidamızda liflərin çatışmazlığı bağırsaq hərəkətlərinin zəifləməsinə və nəcisin bərk olmasına gətirib çıxarır.
  2. Suyun az içilməsi: Bu problem də bir çoxlarında qəbizliyin əsas səbəbidir. Suyun az içilməsi bağırsaqda sululuğun azalmasına və qəbizliyə səbəb olur.
  3. Modern həyatda maşınların çox olması, ofis işlərinin artması, tənbəlləşmə hərəkətsizliyə gətirib çıxarmışdır. Hərəkətsizlik bağırsaq əzələlərinin çalışmasını azaldaraq qəbizliyə səbəb olur.
    Bunlar kütləvi şəkildə qəbizliyə gətirən səbəblərdir. Amma fərdi olaraq bəzi səbəblər qəbizlik yaradır. Bəzi dərman maddələri, bəzi meyvələr, bəzi çaylar, bağırsağın bəzi patalogiyaları qəbizlik yarada bilir.

Beləliklə qəbizliyin qarşısını almaq üçün lifli qidalarla zəngin qidalanmaq, bol maye içmək, hərəkətli həyat tərzi kifayətdir. Quru meyvələrdən qara gavalı və qaysı yaxşı təbii laksativlərdir, səhərlər ac qarına və gün ərzində tükətmək qabizliyə yaxşı kömək edir. Səhərlər ac qarına bir qaşıq sızma zeytun yağı içmək bağırsaq hərəkətini artıraraq qəbizliyə qarşı effekt verir. Onun bundan başqa ödqovucu, antioksidant və iltihabəleyhinə təsirləri var. Ancaq zeytun yağını uzunmüddətli içmək tövsiyə olunmur. Bundan başqa alma, portağal kimi meyvələr, qoz və fındıq da qəbizlikdə faydalıdır.

Qəbizliyi aradan qaldırmaq üçün bəzi dərman maddələri də var. Amma bunlar çox zaman effektiv olmur, olarsa da bu təsir müvəqqəti olur. Həm də bu dərmanların bəzi yan təsirləri də vardır. Ən geniş istifadə edilən və yan təsirləri daha az olan dərmanlar laktuloza, qliserin şamıdır. Ancaq bu dərmanlar həkimin göstərişi ilə qəbul olunmalıdır. Dərmanların təsir etmədiyi hallarda imalədən istifadə edilir. Lakin imalə dərmanların təsir etmədiyi hallarda və son çarə olaraq həkim nəzarəti altında icra olunmalıdır. Çünki imalə təcrübəsiz şəxslər tərəfindən icra olunduqda, xüsusilə uşaqlarda bağırsaq zədələnməsinə səbəb ola bilər.